Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Günün hansı saatı müraciət etməyimizdən asılı olmayaraq həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların – tibb işçilərinin peşə bayramıdır.
Hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Həmin gün öz tarixini Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Prezident, Müzəffər Ali Komandan İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Bu il isə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub.
Həmçinin TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.
Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyası olaraq tibb işçilərini peşə bayramı münasibətilə təbrik edir, bu çətin və şərəfli yolda həkimlərimizə uğurlar arzu edirik!