Azərbaycanın tibb sahəsindəki uğurları beynəlxalq aləmdə daha bir nüfuzlu tədbirdə nümayiş etdirilib. ABŞ-ın San-Fransisko şəhərində keçirilən Dünya Transplant Konqresində (World Transplant Congress, WTC 2025) AR Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının sədri, tibb elmləri doktoru Rəşad Şolan iştirak edib.
Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının Mətbuat xidmətindən aldığımız məlumata görə, R. Şolan konqresdə böyrək transplantasiyası üzrə Azərbaycan təcrübələrinə dair məruzə ilə çıxış edib.
Assosiasiyanın Mətbuat katibi Nərgiz Qəhrəmanova qeyd edib ki, məruzə “American Urologic Society for Transplantation and Renal Surgery”nin prezidenti professor Obi Ekwenna da daxil olmaqla iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu uğurlu təqdimat yaxın zamanda dünyanın ən nüfuzlu elmi jurnallarından biri – “American Journal of Transplantation”ın xüsusi buraxılışında dərc olunacaq.
Tədbir çərçivəsində R. Şolan və konqresin prezidenti professor Emily Blumberg arasında Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm danışıqlar aparılıb.