“Böyrək transplantasiyası 2025: son nailiyyətlər” adlı elmi simpozium keçiriləcək

 

May ayının 23-də Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzi və Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiyasiyasının (BTMA) birgə təşkilatçılığı ilə “Böyrək transplantasiyası 2025: son nailiyyətlər” adlı elmi simpozium keçiriləcək.

Dünyanın bir çox ölkələrindən tanınmış ekspertlərin, eləcə də yerli mütəxəssislərin iştirak edəcəyi simpoziumda böyrək transplantasiyası ilə bağlı ən son nailiyyətlər, müasir istiqamətlər, elmi problemlər müzakirə olunacaq.

Simpozium böyrək transplantasiyası, cərrahiyyəsi və xəstəlikləri üzrə fəaliyyət göstərən mütəxəssisləri, o cümlədən həkim-uroloq, həkim-nefroloq, həkim-terapevt və həkim-pediatrları vahid platforma altında bir araya gətirəcək.

Elmi simpozium çərçivəsində BTMA-nın İdarə Heyətinin geniş tərkibdə iclasının keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən BTMA-nın əsas məqsədi böyrək transplantasiyası sahəsində əməkdaşlıq, bilik mübadiləsinin, elmi araşdırmaların aparılması, bu sahədə problemlərin müzakirəsi üçün tədbirlərin həyata keçirilməsi, o cümlədən cəmiyyətin böyrək transplantasiyası üzrə maarifləndirilməsidir. Assosiasiyanın İdarə Heyətinin sədri tanınmış cərrah-uroloq, transplantoloq, Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-eksperti, tibb elmləri doktoru Rəşad Şolandır.