Ümumi Məlumat
27 iyun 1980-ci ildə Azərbaycan SSR-in İmişli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır.
1987-1993-cü illərdə Bakı şəhəri 264 saylı orta məktəbdə təhsil almış, 1993-cü ildə isə müsabiqə yolu ilə akademik Azad Mirzəcanzadənin fəxri rəhbərliyi altında Həbibbəy Mahmudbəyov adına Texniki-Humanitar Litseyə qəbul olunmuşdur.
1997-ci ildə təhsilini başa çatdırmış, elə həmin ildə Azərbaycan Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2000-ci ildə “Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi” mövzusunda ilk elmi-araşdırma işini aparmış və müəllifi olduğu elmi iş Tələbə Elmi Cəmiyyətinin (TEC) konqres materiallarında çap olunmuşdur.
2002-ci ildə birinci müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir.
2003-cü ildə “İvanisseviçin əməliyyatı zamanı mini-kəsikdən istifadə” mövzusunda tələbə elmi işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür.
2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Türkiyə Cümhuriyyətinin Ege Universitetinin “Urologiya” kafedrasında urologiya üzrə rezidenturaya qəbul olunmuşdur.
2003-2009-cu illərdə Ege Universitetinin “Urologiya” kafedrasının assistenti olmuşdur. Bu illərdə uroloji cərrahiyyənin bütün istiqamətləri – uroonkologiya, endourologiya, andrologiya, funksional urologiya, laparoskopik urologiya üzrə təkmilləşmişdir. Elə həmin illərdə onun kafedranın əməkdaşları ilə həmmüəllifi olduğu bir sıra elmi məqalələri Türkiyə, ABŞ, Braziliya, Yaponiya və digər ölkələrdə çap edilmişdir.
Rəşad Şolan Ege Universitetindəki fəaliyyəti dövründə 802 əməliyyat həyata keçirmişdir. 2008-2009-cu illərdə tibb fakültəsi yanında Ege Universitetinin əcnəbi həkim və tələbələrinin nümayəndəliyinə rəhbərlik etmişdir.
2009-cu ildə “Testesteronun çanaq dibi əzələlərinə təsiri və təcrübədə stress tip sidik qaçırma zamanı urodinamik göstəricilər” mövzusunda dissertasiyanı müdafiə etmiş, daha sonra bu müdafiə işi Türkiyə Kontinensiya Cəmiyyətinin mükafatına layiq görülmüşdür.] Rəşad Şolan 2009-cu ildə Türkiyədə təhsilini həkim-uroloq ixtisası üzrə başa vuraraq Azərbaycanca dönmüşdür. Azərbaycanda laparoskopik urologiyanın tətbiqinin əsasını qoyanlardan biri olmuşdur.Mərkəzi Neftçilər Xəstəxanasında həkim-uroloq kimi işə başlamış, 2010-cu ildən etibarən isə xəstəxananın uroloji təcrübəsinə uroonkoloji, rekonstruktiv, androloji əməliyyatlar daxil etməyə nail olmuşdur.
2010-cu ildə Azərbaycanda “Gənc Uroloqların Beynəlxalq Assosiasiyası”nın (International Young Urologists Association) rəsmi nümayəndəsi olmuşdur.
2011-ci ildə Azərbaycanda ilk dəfə böyrəyin laparoskopik-uroloji yolla xaric edilməsi əməliyyatını aparmışdır.
2011-ci ildə Cənubi Koreyanın Yonsei Universitetində robotik uroloji cərrahiyyə və böyrək transplantasiyası üzrə uzunmüddətli təcrübə keçmişdir.
2012-ci ildə Endouroloqların 30-cu Beynəlxalq Konqresində Azərbaycanın laparoskopik urologiya üzrə ilk seriyasını təqdim etmişdir. Həmin ildə Fransada (Strasburq Universiteti – IRCAD) eksperimental laparoskopik cərrahiyyənin tətbiqi kurslarını uğurla bitirmişdir.
2012-ci ildə Ege Universitetində tamamladığı dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilərək “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsini almışdır.Daha sonra 2014-cü ildə Türkiyə Cümhuriyyətində mikrocərrahiyyə kurslarını uğurla başa vurmuşdur.
2014-cü ildə paralel şəkildə Respublika Diaqnostika Mərkəzində də uroloji fəaliyyət göstərmiş və həmin xəstəxananın rəsmi konsultantı olmuşdur.
2015-ci ildə Amerika Uroloqlar Assosiasiyasının (American Urological Association) araşdırmaçı üzvü olmuşdur. 2017-ci ildə Respublika Diaqnostika Mərkəzinin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin əsasını qoyub və şöbənin rəhbəri olmuş, həmin dövrdən həm dövlət xətti ilə, həm də ödənişli əsaslarla böyrəkköçürmə əməliyyatlarının icrasına başlamışdır.
2018-ci ildə Asiyanın ən böyük böyrək transplantasiyası mərkəzi olan Yonsei Universitetində böyrək köçürülməsi üzrə təkmilləşmə proqramını keçmişdir. 2019-cu ildə onun rəhbərliyi ilə “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsi beynəlxalq keyfiyyət sertifikatı olan ABŞ-nin JCI sertifikatını almışdır.
2019-2020-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının “Urologiya” şöbəsinə rəhbərlik etmişdir. 2019-cu ildə onun təklifi ilə “Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası” yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. O, bu təşkilatın İdarə Heyətinin sədri seçilmişdir.
2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri ilə naziriliyin “Böyrək Transplantasiyası üzrə Baş Mütəxəssisi” təyin olunmuşdur.
2021-ci ildən etibarən Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-ekspertidir.
2018-ci ildə A. Qarayev adına Fiziologiya İnstitutunda onun təşəbbüsü ilə “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyası yaradılmış və Azərbaycan Milli Elmlər Akademiyasının prezidiumununun qərarı ilə Rəşad Şolan bu laboratoriyanın müdiri təyin edilmişdir.
Rəşad Şolan 100-dan artıq elmi işin müəllifidir. Azərbaycanda və regionda interstisial sistitin diaqnostikası, patogenezi və patofiziologiyası ilə bağlı doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir. Onun interstisial sistit barədə eksperimental modelləri ESSIC 2019 və SUFU 2020 kimi nüfuzlu konqreslərdə qəbul olunmuşdur.
Rəşad Şolan 1 aprel 2022-ci il tarixində “İnterstisial sistitin/ağrılı sidik kisəsi sindromunun modelləşdirilməsi, etiopatogenezində multifaktorial amillərin araşdırılması və diaqnostik biomarkerlərin rolunun öyrənilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 oktyabr 2022-ci il tarixli qərarı ilə Rəşad Şolana “tibb elmləri doktoru” (iki ixtisas üzrə: urologiya və patoloji fiziologiya) elmi dərəcəsi verilmişdir.
2023 cü ildən etibərən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti , Hərbi
Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzinin rəisidir . Eyni zamanda Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidməti , Hərbi Tibb Baş İdarəsi Hərbi Hospitalında
“Böyrək Xəstəlikləri və Orqan transplantasiyası” şöbəsinin əsasını qoymuş və hal
hazırda da bu şöbəyə rəhbərlik edir.
Özbəkistan Respublikası , Namanqan Dövlət Universitetinin və Mərkəzi Asiya Tibb Universitetinin fəxri professorudur.
Özbəkistan Respublikası , Namanqan Dövlət Universitetinin və Mərkəzi Asiya Tibb Universitetinin fəxri professorudur.
İngilis, türk, rus dillərini təmiz bilir.