Aytən Məmmədzadə

Tibb elmləri doktoru Aytən Məmmədzadə

Dr. A. Məmmədzadə 25 fevral 1984-cü il tarixində Bakı şəhərində anadan olmuşdur.
1990–2000-ci illərdə Bakı şəhəri 42 saylı orta məktəbdə tam orta təhsil almışdır. 2000–2006-cı illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika fakültəsində ali təhsil almışdır.
Peşəkar fəaliyyətlə yanaşı, müxtəlif ixtisasartırma və təkmilləşmə kurslarında iştirak etmişdir. 2007-ci ildə Belarus Tibb Akademiyasında kliniki nefrologiya, böyrəkəvəzedici terapiya və transplantasiya üzrə ixtisaslaşma kursunu, 2010-cu ildə Türkiyənin Ege Universitetində kliniki nefrologiya, böyrək biopsiyası üzrə iş stajı keçmişdir. 2013-cü ildə Həkimlərin Təkmilləşdirmə İnstitutunda, 2016-cı ildə isə İtaliyanın Roma şəhərində Aurelia Hospitalda kliniki nefrologiya üzrə ixtisasartırma və iş stajı keçmişdir.
Əmək fəaliyyətinə 2003-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasında tibb bacısı kimi başlamış, 2006–2007-ci illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında həkim-interna kimi çalışmışdır. 2007-ci ildən etibarən ATU-da əvvəlcə baş laborant, daha sonra assistent, 2019-cu ildən isə dosent vəzifəsində fəaliyyət göstərməkdədir. 2017–2020-ci illərdə universitetin Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. 2021-ci ildən ATU Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin müdiri, 2022-ci ildən isə ATU-nun Daxili Xəstəliklər kafedrası I nəzdində Nefrologiya kursunun rəhbəri vəzifəsini icra edir. Paralel olaraq 2007–2016-cı illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-nefroloq kimi fəaliyyət göstərmişdir.
A.Məmmədzadə 2010-cu ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2024-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. Nefrologiya sahəsində 75-dən artıq elmi məqalə və tezisin müəllifidir. Eyni zamanda “Nefrologiya” dərs vəsaiti, bu fənn üzrə tədris proqramı və sillabusun müəllifidir.
Hazırda bir sıra beynəlxalq elmi cəmiyyətlərin – Avropa Kardiorenal Cəmiyyəti, Türk Dünyası Transplantasiya Cəmiyyəti, Rusiya Dializ Cəmiyyəti və Türkiyə Nefrologiya və Hipertoniya Dərnəyinin üzvüdür.
2019-cu ildən Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının üzvüdür.