Dr. Nərgiz Baxşəliyeva
Dr. Nərgiz Baxşəliyeva 17 oktyabr 1976-cı ildə Şuşa şəhərində anadan olmuşdur.
1995–2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali tibb təhsili almışdır. 2005-ci ildən etibarən praktik həkim kimi fəaliyyətə başlamış, bu müddət ərzində müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışaraq geniş klinik təcrübə toplamışdır.
2017-ci ildə Respublika Diaqnostika Mərkəzinin Böyrək Xəstəlikləri və Transplantologiya şöbəsində həkim-nefroloq kimi fəaliyyət göstərmişdir. Eyni ildə Türkiyənin tanınmış səhiyyə müəssisələrindən biri olan İstanbul Acıbadem Xəstəxanasının Orqan Transplantasiyası bölməsində research fellowship qismində çalışmışdır. 2018-ci ildən Elm və Təhsil Nazirliyinin Ə.Qarayev adına Fiziologiya İnstitutunun İmmunologiya və Eksperimental Transplantologiya laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətini davam etdirmişdir.
2019-cu ildən etibarən Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
2022–2023-cü illərdə Şimali Kiprdə Yaxın Şərq Xəstəxanası və Suat Günsel Xəstəxanasında tədqiqat proqramı üzrə təcrübə keçmişdir.
Dr. Nərgiz Baxşəliyeva həm yerli, həm də beynəlxalq elmi jurnallarda bir sıra məqalələrin müəllifi olmaqla yanaşı, müxtəlif yerli və beynəlxalq elmi konfranslarda məruzəçi və iştirakçı qismində çıxışlar etmişdir.
Hazırda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında doktorantura təhsilini davam etdirir. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Hərbi Hospitalında nefroloq və transplant-nefroloq kimi fəaliyyət göstərir.