Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzi və Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının (BTMA) birgə təşkilatçılığı ilə “Böyrək transplantasiyası 2025: son nailiyyətlər” adlı elmi simpozium keçirilib.
DTX Hərbi Tibb Baş İdarəsində təşkil olunan simpoziumda xarici ekspertlərlə yanaşı, böyrək transplantasiyası, cərrahiyyəsi və xəstəlikləri üzrə fəaliyyət göstərən yerli mütəxəssislər, eləcə də həkim-uroloq, nefroloq, terapevt və pediatrlar iştirak ediblər.
Tədbirdə çıxış edən DTX Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının rəisi, tibb xidməti polkovniki, t.ü.f.d. Kənan Əhmədov simpoziumun böyrək transplantasiyası üzrə elmi mübadilənin aparılmasına töhfə verməklə yanaşı, peşəkar həkimlər arasında təcrübə və niyyət birliyinin təntənəsi olduğunu vurğulayıb. O, tədbir iştirakçılarını məhsuldar müzakirələr, faydalı əlaqələr, yeni ideyalar ətrafında birləşməyə səsləyib.
Sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri, professor Fuad Sərdarlı çıxış edərək rəhbərlik etdiyi kafedranın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib. Hazırda kafedranın respublika üzrə əsas nefroloji xidmətin konservativ nefrologiya bölümünə rəhbərlik etdiyini söyləyən alim bu istiqamətdə elmi və praktiki problemlərin araşdırılmasına öz töhfəsini verdiyini, eləcə də müalicə işləri ilə məşğul olduğunu bildirib.
Professor Fuad Sərdarlı son illər böyrək xəstəliklərinin sayında əhəmiyyətli artımın müşahidə olunduğunu qeyd edərək, bu xəstəliklərin ümumi xəstəliklər sırasında 7-ci yerdə, əlillik dərəcəsinə görə 14-cü yerdə dayandığını vurğulayıb. “Bu sahədə ən böyük problemlərdən biri şəkərli diabet nəticəsində yaranan diabetik nefropatiya, xroniki böyrək çatışmazlığıdır”, – deyə bildirən Fuad Sərdarlı Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 800 milyon şəkərli diabet xəstəsinin olduğunu, bu problemin nəticədə dializ müalicəsi və böyrək transplantasiyasına ehtiyac duyulmasına səbəb olduğunu söyləyib.
Daha sonra DTX Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi, BTMA-nın İdarə Heyətinin sədri, t.e.d. Rəşad Şolan çıxış edib. O, tədbirin təşkilində göstərdikləri dəstəyə görə Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Hərbi Tibb Baş İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Həmçinin Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının simpozimun ərsəyə gəlməsində yaxından iştirak etdiyini diqqətə çatdırıb.
T.e.d. Rəşad Şolan BTMA-nın böyrək transplantasiyası sahəsində fəaliyyəti barədə məlumat verərək, Assosiasiyanın böyrək transplantasiyası sahəsində əməkdaşlıq, bilik mübadiləsinin, elmi araşdırmaların aparılması, o cümlədən cəmiyyətin böyrək transplantasiyası üzrə maarifləndirilməsinə xidmət etdiyini vurğulayıb. Alim Assosiasiyanın üzvləri sırasında tanınmış həkimlərin, elm adamlarının yer aldığını qeyd edib.
O, bugünkü elmi simpoziumun həm də BTMA-nın İdarə Heyətinin formalaşması baxımından əlamətdar olduğunu deyərək, Assosiasiyanın ölkəmizdə idarə heyətində 4 elmlər doktorunun təmsil edildiyi yeganə elmi və ictimai birlik olduğunu söyləyib.
Rəşad Şolan yaxın gələcəkdə böyrək transplantasiyası sahəsində keçirilməsi nəzərdə tutulan simpozium və konfranslar haqqında da ətraflı məlumat verib.
Mərkəz rəisi bu elmi simpoziumun böyrək transplantasiyası problemlərinin geniş ictimaiyyətə çatdırılması baxımından önəmini qeyd edib, tədbirin işinə uğurlar arzulayıb.
Simpozium işini professor Fuad Sərdarlı və t.e.d İlham Həmidovun moderatorluğu ilə seksiya iclasları ilə davam etdirib.
Tədbirdə prof. Fuad Sərdarlı və həkim-rezident Nihad Novruzovun “Xroniki böyrək çatışmazlığı – 2025”, t.e.d. Rəşad Şolanın “Böyrək transplantasiyası – 2025” , t.e.d. Aytən Məmmədzadənin “Kontrast nefropatiyasına müasir baxış”, türkiyəli professor Hüseyn Tözün “Böyrək transplantasiyasından sonra xəstə təqibi -2025”, op. dr. Rahmi Gökhanın “Cərrahi yöndən böyrək transplantasiyasında çətin xəstələr: donor və resipiyent”, uzman həkim Vüsal Əhmədovun “Böyrək qoruyucu cərrahiyyənin böyrək funksiyalarına təsiri”, Nərgiz Baxşəliyevanın “Böyrək transplantasiyasında senessensiyanın öyrənilməsi”, professor Hüseyn Tözün “Böyrək transplantasiyası sonrası rədd etmənin idarə olunması: son yeniliklər” və t.e.d. Rəşad Şolanın “Böyrək transplantasiyası zamanı mürəkkəb kliniki hadisələrin analizi” adlı məruzələri dinlənilib.
Məruzələr ətrafında aparılan müzakirələrdə müasir dövrdə urologiyanın imkanları, böyrək transplantasiyası ilə bağlı son nailiyyətlər, yeni istiqamətlər və elmi problemlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin böyrək transplantasiyasında heyvan orqanlarının insana köçürülməsini nəzərdə tutan ksenotransplantasiyanın müasir vəziyyəti ilə bağlı müzakirələr aparılıb, ölkəmizdə bu sahədə daha geniş eksperimental tədqiqatların aparılmasına ehtiyac olduğu vurğulanıb.
Qeyd edək ki, elmi simpozium çərçivəsində BTMA-nın İdarə Heyətinin geniş tərkibdə iclası da baş tutub.