Rəşad Şolan akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş konfransda məruzə ilə çıxış edib

Azərbaycan Tibb Universitetində (ATU) görkəmli alim, tanınmış cərrah və böyük ictimai xadim, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş “Mustafa Topçubaşov: Akademik irs – 130” adlı elmi-praktik konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş nitqi ilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq bildirib ki, bu tədbir yalnız böyük alimin xatirəsinə ehtiramın ifadəsi deyil deyil, həm də Azərbaycan tibb elminin və təhsilinin inkişafına sadiqliyin təntənəsidir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mustafa Topçubaşovun yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam bu tədbirə xüsusi simvolik məna qazandırır. Bu sərəncam bir tərəfdən ölkəmizdə elmə və alimə verilən qiymətin, digər tərəfdən isə milli yaddaşın, elmi irsin qorunmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir”.

Rektor böyük alimin təşəbbüsü ilə tibb təhsilində həyata keçirilən islahatlar, praktik biliklərin önə çəkilməsi, innovativ tədris metodlarının tətbiqi istiqamətində görülən işlərin bu gün də Azərbaycan Tibb Universitetinin tədris sistemində mühüm yer tutduğunu vurğulayıb.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan və başqaları akademik Mustafa Topçubaşovun həyata keçirdiyi əməliyyatlar, oxuduğu mühazirələr, cərrahiyyə elminə və tədrisinə gətirdiyi yeniliklər, tətbiq etdiyi innovasiyalardan danışıblar. Çıxışlarda Mustafa Topçubaşovun Azərbaycan tibb elminin banilərindən biri, cərrahiyyə məktəbinin yaradıcısı olduğu, tibb təhsilində islahatçı şəxsiyyət kimi tanındığı vurğulanıb.

Topçubaşovlar ailəsi adından Mərkəzi Klinikanın baş direktorunun müavini, Əməkdar həkim Ceyhun Topçubaşov çıxış edərək böyük alimin xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Daha sonra konfrans öz işini sessiyalarla davam etdirib.

Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-eksperti, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının (BTMA) İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan “Böyrək transplantasiyasında mürəkkəb kliniki halların təhlili” adlı məruzə ilə çıxış edib.

Tanınmış transplantoloq Rəşad Şolanın məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.